Qarabağda illər sonra “son zəng” çalınıb

14 İyun 2025

Bu gün azad Xankəndi şəhərində 37 ildən sonra orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Məzun günündə, həmçinin orta məktəbdə 1988-ci il məzunları üçün vaxtilə baş tuta bilməyən “Son zəng” tədbiri də qeyd olunub.

Qürurverici gündə təşkil edilən tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin əməkdaşları, məktəb heyəti, şagirdlər, valideynlər, şəhid ailələri və müharibə veteranları da iştirak edib.

“Son zəng” günü Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin gənclərin savadlı, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynadığını söyləyib. Bildirib ki, bu gün Azərbaycanın gələcəyi üçün layiqli, vətənpərvər gənclər yetişir. Səbuhi Qəhrəmanov dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə gənclərin təhsil almalarına hər cür şərait yaradıldığını deyib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında Xankəndi şəhərində, eləcə də ümumilikdə Qarabağ bölgəsində illər sonra ilk dəfə keçirilən “Son zəng” gününün əlamətdar və rəmzi bir hadisə olduğunu vurğulayıb.

O bildirib ki, bu gün məzunlar üçün bir təhsil mərhələsinin başa çatması ilə yanaşı, azad olunmuş torpaqlarda həyatın, o cümlədən təhsilin bərpasının parlaq nümunəsidir.

O, bütün məzunlara gələcək həyat yollarında uğurlar arzulayıb, məktəb kollektivinə isə bu şərəfli və məsuliyyətli işlərində uğurlar diləyib.

“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.

Qeyd edək ki, bu il Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli orta məktəbi 14 şagird bitirərək məzun olub.