Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 105 illik yubileyi münasibətilə “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans” öz işinə başlayıb.
Açılış mərasimində çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov tədbirin əhəmiyyətindən bəhs edərək iştirakçıları salamlayıb. O, makromolekullu birləşmələr sahəsindəki innovasiyaların sənaye və texnologiya sahələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Rektor konfransın təkcə elmi fikir mübadiləsi üçün deyil, həm də universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və gənc tədqiqatçıların beynəlxalq təcrübədən bəhrələnməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib.
Açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin rektoru professor Nikolay Marin, Reading Universitetinin professoru Vitaliy Xutoryanskiy və Malayziya Putra Universitetinin professoru Mohd Sapuan Salit də çıxış ediblər. Onlar elmi əməkdaşlığın genişləndirilməsi, bilik transferi və davamlı inkişaf üçün akademik əlaqələrin əhəmiyyətindən danışıblar.
Konfrans çərçivəsində keçirilən panel sessiyada “Dövlət-Sənaye-Universitet Əməkdaşlıq Modeli – İnnovativ İnkişafın Drayveri kimi” mövzusu ətrafında müzakirələr aparılıb. Paneldə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, SOCAR Downstream şirkətinin proses direktoru Qədir Əliyev, “SOCAR Fugro” MMC-nin direktoru Fikrət Əliyev və “N1” şərab zavodunun İdarə Heyətinin sədri Mətləb Abbasov çıxış edərək öz sahələrindəki innovativ yanaşmaları və təcrübələri bölüşüblər.
Panel çərçivəsində çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov universitet-sənaye əməkdaşlığının ölkənin innovasiya və iqtisadi inkişafında strateji rol oynadığını bildirib. O, ali təhsil sistemində nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanmasının tələbələrin peşəkar inkişafına, əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına mühüm töhfə verdiyini qeyd edib. Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Maarifçi” təcrübə proqramının bu istiqamətdə uğurlu model olduğunu deyən Elnur Nəsibov, tələbələrin real iş mühitində iştirakının onların təşəbbüskarlıq və innovativ düşüncə bacarıqlarının inkişafına şərait yaratdığını diqqətə çatdırıb.
Elnur Nəsibov vurğulayıb ki, universitet-sənaye əməkdaşlığı təkcə gənclərin praktiki vərdişlər qazanması ilə məhdudlaşmır, eyni zamanda regionların sosial-iqtisadi inkişafına, yeni innovasiya platformalarının formalaşmasına, akademik biliklərin tətbiqə yönəlməsinə və ümumilikdə ölkədə rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsinə xidmət edir. Təhsilin İnkişafı Fondu bu istiqamətdə tərəfdaşlıqların genişləndirilməsi və sistemli şəkildə davam etdirilməsi üçün dəstəyini davam etdirir.
Konfrans çərçivəsində həmçinin, “Sənayedə Müasir Texnologiyalar və İnnovasiyalar” mövzusunda sərgi təşkil olunub. Sərgidə müasir texnologiyaların tətbiqi və sənayedə innovasiyaların rolu nümayiş etdirilib.
Qeyd edək ki, konfransa Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elmi institutları ilə yanaşı, xarici ölkələrdən də onlarla universitetin nümayəndələri qatılıb. Ümumilikdə tədbirə 307 elmi məqalə və 241 tezis təqdim olunub ki, onlardan 27 məqalə və 49 tezis xarici ölkələrin alimləri tərəfindən göndərilib.