“Zərif Mühəndislər” təqaüd proqramının iştirakçıları üçün mentorla görüş təşkil edilib

12 Mart 2025

Təhsilin İnkişafı Fondu və “STP Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə həyata keçirilən “Zərif Mühəndislər” təqaüd proqramının iştirakçıları üçün mentorla görüş təşkil edilib.

Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri, Birinci Yüksəliş müsabiqəsinin qalibi Leyla Xəlilova-Rzazadə qadın mütəxəssislərin cəmiyyətin inkişafındakı rolunun əhəmiyyətinə toxunub. O, qadınların iş dünyasında uğur qazanmasının əsas amillərindən birinin öz bilik və bacarıqlarına inam olduğunu vurğulayıb. L.Xəlilova-Rzazadə bildirib ki, qadınlar yalnız mühəndislik sahəsində deyil, müxtəlif ixtisaslarda da böyük uğurlar əldə edə bilərlər.

Leyla Xəlilova-Rzazadə, həmçinin iş həyatında müasir texnologiyalardan və elmi yeniliklərdən xəbərdar olmağın əhəmiyyətini qeyd edərək, iştirakçılara biliklərin davamlı şəkildə yenilənməsinin və öyrənmənin peşəkar inkişafın əsas şərti olduğunu bildirib.

Görüş zamanı gənc mühəndislərlə interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.