Təhsilin İnkişafı Fondunun və Kapital Bankın nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müəllim və tələbələri ilə görüş keçirib.
Görüşün keçirilməsində məqsəd birgə əməkdaşlığı genişləndirmək və Aqrar Universitetinin “TələbəPlus” layihəsinə qoşulması olub.
Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ilk öncə ali təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Rektor vahid tələbə kartlarının istifadəyə verilməsinin tələbələrin imkanlarını daha da genişləndirəcəyini bildirib.
TIF-in İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün Fond öz tərəfdaşları ilə birlikdə 250-dən artıq şirkətlə razılaşma əldə edib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.
Yekunda ADAU-nun rektoru Zəfər Qurbanov və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsinə imza atıblar.
Rəsmi hissənin ardınca tələbələrlə görüş keçirilib. “TələbəPlus” layihəsi və onun üstünlükləri barədə tələbələrə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.