Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrlə görüş keçirib.
Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov universitetdə təhsilin modernləşdirilməsi istiqamətində son illərdə görülən çoxşaxəli işləri qonaqların diqqətinə çatdırıb. Ü.Zeynalov Təhsilin İnkişafı Fondunun gördüyü işləri yüksək qiymətləndirərək, Fond ilə əməkdaşlığın Mingəçevir Dövlət Universiteti üçün faydalı olacağını bildirib.
Tədbirdə Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx izlənilib.
Təhsilin İnkişaf Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun ümumi fəaliyyəti, strateji hədəfləri, həmçinin tamamlanma mərhələsində olan digər təşəbbüsləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Elnur Nəsibov “IELTS imtahanına təşviq” layihəsinin ali təhsil müəssisələri ilə tərəfdaşlıq, elmi jurnal, nəşr və dərsliklərin hazırlanmasında universitetlərə dəstək və akademik mobillik proqramlarının həyata keçirilməsi üçün əhəmiyyətli komponent olduğunu bildirib. Son illərdə Mingəçevir Dövlət Universitetində aparılan dəyişikliklərin, yeniliklərin təhsil ictimaiyyətini sevindirdiyini bildirən sədr universitetin rəhbərliyinə öz təşəkkürünü bildirib. Daha sonra Elnur Nəsibov “TələbəPlus” layihəsi barədə təqdimatla ətraflı çıxış edib, tələbələri Mingəçevir Dövlət Universitetinin hər iki layihəyə qoşulması münasibətilə təbrik edib, onların suallarını cavablandırıb.
Tədbirdə çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Kamran Rəsulov ali təhsil müəssisələrində ingilis dilinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. K. Rəsulov hazırkı dövrdə elm və təhsilin inkişafında xarici dil biliklərinin, xüsusilə, ingilis dilinin önəmli olduğunu qeyd edərək sözügedən layihənin ən başlıca məqsədinin məhz ali təhsil ocaqlarının müəllim və tələbələrinin bu dili mənimsəməsi, beynəlxalq jurnallarda elmi məqalələrin nəşri üçün əlverişli şəraitin yaradılması olduğunu bildirib.
Görüşün yekununda “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində birgə əməkdaşlıq müqavilələri imzalanıb.