Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə keçən “Maarifçi”lərlə görüşüb.
Görüş zamanı Elnur Nəsibov gənclərə Təhsilin İnkişafı Fondunun fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat verib, onları bu layihələrdə fəal iştirak etməyə səsləyib. E.Nəsibov tələbələri “Maarifçi” proqramında qalib gəlməri münasibətilə bir daha təbrik edib, onlara uğurlar arzu edib və sözügedən proqram çərçivəsində həyat üçün vacib təcrübə qazanacaqlarına inandığını bildirib.
“Maarifçi”lər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş, Ümumi təhsil və Maliyyə sektorlarında təcrübə keçirlər. Onlar kommunikasiya və əməkdaşlıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə Direktorların İşə Qəbulu müsabiqəsinin təşkilati işlərinə cəlb olunmaları, qeydiyyat, koordinasiya, sənədləşmə proseslərində fəal iştirak etdiklərindən bəhs ediblər. Gənclər belə bir fürsətin yaradıldığı üçün ETN və TİF-ə öz təşəkkürlərini bildirib, proqramın onların şəxsi və peşəkar inkişafında müsbət təsirini vurğulayıblar.
Qeyd edək ki, 37 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramında iştirak hüququ qazanıb. 3 ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçirlər.
Proqramın məqsədi tələbə və məzunlara nəzəri biliklərini real iş mühitində tətbiq etmək və təcrübə imkanı yaratmaq, iştirakçıların bilik və bacarıqlarını artırmaq, eləcə də gənclərə peşəkar vərdişlər qazandırmaqdır.