Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub.
Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov Fondun həyata keçirdiyi müxtəlif layihələr haqqında geniş məlumat verib. O, “Səyyar Gənclər Xidməti”, “YayFest”, “Intern Academy” və qrantlar haqqında danışaraq, bu layihələrin gənclərin inkişafına verdiyi töhfələrdən bəhs edib. Həmçinin, Fondun gələcəkdə planlaşdırdığı layihələr barədə də məlumat paylaşıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova isə Fondun son illər ərzində həyata keçirdiyi mühüm işləri təqdim edib. O, “Qızların Təhsilinə Dəstək”, “Davamlı İnkişaf Mərkəzləri”, “Tələbə kartı” kimi layihələr və onların nəticələri haqqında məlumat verərək, Fondun gələcəkdə nəzərdə tutduğu fəaliyyətlərdən də danışıb.
Görüşdə hər iki qurumun fəaliyyətlərinin kəsişdiyi sahələr üzrə əməkdaşlığa hazır olduqları vurğulanıb və bu əməkdaşlığın gənclər sektoru və təhsil sahəsinə böyük töhfə verəcəyi qeyd edilib.