Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb.
İyulun 1-də elm və təhsil naziri Emin Əmrullayev təcrübə proqramının iştirakçıları ilə görüş keçirib. Görüşdə ali təhsil müəssisələrinin rektorları da iştirak ediblər.
Əvvəlcə “Maarifçi” tələbə-məzun təcrübə proqramına dair videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən Emin Əmrullayev sözügedən proqramın gənc kadrların dövlət qulluğunu düzgün anlaması, istedadlı gənclərin dövlət qurumlarında işləməyə həvəs göstərməsi baxımından faydalı olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb.
Çıxış edən proqram iştirakçıları da öz növbəsində proqram sayəsində öyrəndikləri bilik və bacarıqların onların karyera hədəflərində mühüm rol oynayacağını dilə gətiriblər.
Görüş çərçivəsində “Maarifçi”lərin proqram müddətində fəaliyyətləri, onların ictimai iştirakçılığın təmin olunmasında rolu, gənclərin karyera inkişafı və digər məsələlər haqqında fikir mübadiləsi də aparılıb, həmçinin təkliflər dinlənilib.
Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən “Maarifçi” proqramını 25 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.