13 iyun 2024-cü il tarixində Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə Təhsilin İnkişafı Forumuna hazırlıq və universitet-sənaye tərəfdaşlığı çərçivəsində innovasiya ekosisteminin inkişafı məqsədilə Davamlı İnkişaf Mərkəzində dövlət və özəl sektor nümayəndələri və Tükiyənin “CATALYSADE Technology Transfer and Innovation Inc” şirkətinin təsisçisi və direktoru Sanem Yalçıntaş arasında görüş keçirilib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq, onlara ötən il Fondun təşkilatçılığı ilə “Təhsildən tərəqqiyə” devizi ilə keçirilən Təhsilin İnkişafı Forumun əsas məqsədi barəsində bəhs edib. E.Nəsibov qonaqlara məruzəçini təqdim edərək, ötən gün eyni görüşün ali təhsil müəssisələrinin nümayəndələri ilə keçirildiyini diqqətə çatdırırb.
“CATALYSADE Technology Transfer and Innovation Inc”şirkətinin təsisçisi və direktoru Sanem Yalçıntaş “Azərbaycanda İnnovasiya Ekosistemi” mövzusunda geniş təqdimatla çıxış edib. Çıxışı zamanı innovasiya ekosisteminin aparıcı iştirakçılarının rolundan bəhs edən S.Yalçıntaş, bu sahədə müəyyən bir nəticəyə çatmaq üçün bütün maraqlı tərəflərin sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməli olduğunu vurğulayıb. Spiker bu əməkdaşlığın nümunəsi olaraq, ötən il baş tutan Təhsilin İnkişafı Forumunu misal çəkərək, bu il keçiriləcək sayca ikinci Təhsilin İnkişafı Forumda innovasiya ekosistemini inkişaf etdirməyə çalışacağımızı bildirib.
Daha sonra görüşdə iştirak edən dövlət və özəl qurumların nümayəndələri öz fəaliyyətləri, eləcə də Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilən layihələr barəsində ətraflı məlumat veriblər. Tədbir iştirakçıları innovasiya ekosistemi sahəsində mövcud olan çətinliklər və həll yolları istiqamətində interaktiv müzakirələr aparılıb.
Müzakirələrdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının, STP Şirkətlər Qrupunun, “AzerGold” QSC-nin, “SABAH.HUB”ın, Professional IT şirkətinin, Azərbaycan Banklar Assosiasiyasının, ABB-nin, Kapital Bankın, “Azər Türk Bank”-ın və “Yellow Bank”ın nümayəndələri iştirak ediblər.