12 iyun 2024-cü il tarixində Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə Təhsilin İnkişafı Forumuna hazırlıq və universitet-sənaye tərəfdaşlığı çərçivəsində innovasiya ekosisteminin inkişafı məqsədilə Davamlı İnkişaf Mərkəzində ali təhsil müəssisələrinin nümayəndələri və Tükiyənin “CATALYSADE Technology Transfer and Innovation Inc” şirkətinin təsisçisi və direktoru Sanem Yalçıntaş arasında görüş keçirilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq, ötən il keçirilən Təhsilin İnkişafı Forumu nəticəsində yaradılmış “Universitet-Sənaye Dialoq Platforması”nın faydalarından bəhs edib. Rektor bu görüşün 2024-cü ildə keçirilməsi planlaşdırılan “Təhsilin İnkişafı Forumu 2024”-ün hazırlığında mühüm rol oynadığını vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ilk növbədə Azərbaycanın ali təhsil müəssisələrinin “QS World University Rankings” kimi nüfuzlu reytinqlərdə irəlləyişinin təqdirəlayiq olduğunu bildirib. Universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi və innovasiya sisteminin inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən bəhs edən E.Nəsibov elm və innovasiya istiqamətində faəliyyətin daha da gücləndirilməsi, eləcə də birgə innovativ layihələrin həyata keçirilməsinin vacib olduğunu qeyd edib. Məhz bu səbəbdən “CATALYSADE Technology Transfer and Innovation Inc”şirkətinin təsisçisi və direktoru Sanem Yalçıntaşın növbəti görüşlərinin özəl şirkətlər ilə keçiriləcəyi bildirilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) şöbə müdiri Samir Həmidov Təhsilin İnkişafı Fondunun gördüyü işləri yüksək qiymətləndirərək EATDA-nın bundan sonraki fəaliyyətlərdə də hər zaman olduğu kimi Fonda dəstək olacağını qeyd edib.
“CATALYSADE Technology Transfer and Innovation Inc”şirkətinin təsisçisi və direktoru Sanem Yalçıntaş sənaye sahəsində yetərincə təcrübəsi olduğunu, 2006-cı ildən universitet-sənaye əməkdaşlığı modelinin Türkiyədə qurulduğunu bildirib. “Azərbaycanda İnnovasiya Ekosistemi” mövzusunda geniş təqdimatla çıxış edən S.Yalçıntaş təqdimat sonrası ünvanlanan bütün sualları cavablandırıb. Görüş müzakirələrlə davam edib.
Masaətrafı müzakirələrdə Bakı Slavyan Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Texniki Universitetinin, Qarabağ Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin nümayəndələri iştirak ediblər.