“Parla” təqaüd və inkişaf proqramının iştirakçıları üçün “Ünsiyyət bacarıqları” mövzusunda təlim keçirilib.
“NEQSOL Holding”in Korporativ kommunikasiya üzrə meneceri Əli Verdiyev tərəfindən keçirilən təlim zamanı əsas diqqət ünsiyyət bacarıqlarının yaxşılaşdırılması, o cümlədən emosional intellektin, liderliyin və effektiv ünsiyyət üsullarının bəzi aspektlərinə yönəlib.
Təlim tələbə qızlar tərəfindən çox böyük maraqla qarşılanıb, belə ki, tələbə qızların əksəriyyəti diqqətin yumşaq bacarıqlara yönəlməsini vacib hesab ediblər. “Bu sessiyada emosional intellekt və liderliklə bağlı əldə etdiyimiz məlumat və biliklər bizə öz təhsilimizdə və peşəkar həyatımızda məqsədlərə nail olmağa çox kömək edəcək”, deyə tələbə qızlardan biri vurğulayıb.
“Parla” təqaüd və inkişaf proqramı çərçivəsində tələbə qızlara təqaüdlə yanaşı, onların inkişaf etdirilməsi üçün mentorluq və təcrübə keçmə imkanları, habelə NEQSOL Akademiyası vasitəsilə beynəlxalq təhsil resurslarına, o cümlədən “Enocta Premium Catalogue”, “Skillsoft” və ADA Universitetinin kurslarına çıxış təmin edilir. Onlayn kurslarla yanaşı “Parla” proqramının iştirakçıları “Roof Academic Training” ilə birlikdə artıq ingilis dili və IELTS dərslərinə başlayıb.
Xatırladaq ki, “Parla” təqaüd və inkişaf proqramı Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Proqrama tərəflərin birgə müəyyən etdiyi meyarlar əsasında 674 namizəd arasından 50 uğurlu iştirakçı seçilib.