Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti Bakı Mühəndislik Universitetində olub.
Universitetin innovasiya mühiti ilə tanışlıq, eləcə də bu sahədə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil olunan görüşdə ali təhsil müəssisəsində innovasiya ekosisteminin inkişafının başlıca prioritetlər sırasında yer aldığı vurğulanıb, həmçinin tərəfləri maraqlandıran konkret istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnunluğunu bildirib və qurulan əlaqələrin əhəmiyyətini önə çəkib. Rektor ali təhsil ocağında həyata keçirilən yeniliklər, həmçinin qlobal inkişaf meylləri nəzərə alınmaqla mövcud əmək bazarında tələb olunan yeni ixtisaslar üzrə kadr hazırlığı, ingilis dilinin üstünlük təşkil etdiyi tədris sistemi və s. məsələlərlə bağlı dolğun məlumat verib. Eyni zamanda, universitetin yaxın dövr üçün strateji inkişaf məqsədlərini vurğulayan rektor bu çərçivədə BMU ilə TİF arasında mümkün əməkdaşlıq sahələrinə toxunub.
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun ali təhsil müəssisələri ilə bağlı əsas strateji fəaliyyət istiqamətləri və hər istiqamət üzrə nəzərdə tutulan prioritetləri qeyd edib. Ali təhsil ocaqları ilə qurulan səmərəli əməkdaşlıqdan gözlənilən mümkün nəticələr haqda danışan Elnur Nəsibov tələbələri elm və innovasiyalar istiqamətində davamlı fəaliyyətə cəlb etmək, eləcə də digər istiqamətlərdə TİF-in həyata keçirdiyi müxtəlif layihələri, təqaüd proqramlarını diqqətə çatdırıb.
Sonra nümayəndə heyəti ali təhsil müəssisəsinin infrastrukturu, yataqxanaları, o cümlədən elmi-tədqiqat fəaliyyətinə imkan verən Texnoparkı, müasir bazaya malik laboratoriyaları ilə yaxından tanış olublar. Tanışlıq zamanı universitet-sənaye iş birliyinin inkişafı, elm və innovasiyalar istiqamətində faəliyyətin daha da gücləndirilməsi kimi məsələlərdən bəhs edilib, geniş potensiala malik BMU ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.