9 dekabr 2023-cü il tarixində Azərbaycan Texniki Universitetində yerləşən Davamlı İnkişaf Mərkəzində Universitet-Sənaye Tərəfdaşlığına dair Dialoq və Əməkdaşlıq Platformasının növbəti görüşü keçirilib.
Tədbirdə Təhsilin İnkişafı Fondu, Mədəniyyət nazirliyi, İqtisadiyyat nazirliyinin tabeliyində 4SİM Təhlili və Koordinasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Texniki Universiteti, “PSG-Kapital İnvestisiya Şirkəti”, “Bilişim Vadisi Bakı” və “Baku Design Academy” nin nümayəndələri iştirak ediblər.
“Universitet, sənaye və dövlət əməkdaşlığı modeli: “Bilişim Vadisi” texnoparkı nümunəsi” mövzusu ilə çıxış edən “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov texnoparkların, eləcə də Bilişim Vadisinin işləmə prinsipləri, qeyri-hökumət təşkilatları və dövlət müəssisələrinin texnoparklar ilə əməkdaşlıq nümunələrindən bəhs edib.
Daha sonra “Baku Design Academy”nin təsisçisi və direktoru Aysel Gülməmmədova akademiyanın fəaliyyəti, nailiyyətləri və hədəfləri haqqında görüş iştirakçılarını məlumatlandırıb. A.Gülməmmədova “Müasir dövrün kadr tələbləri” mövzusunda ətraflı təqdimat ilə çıxış edib.
Mədəniyyət nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Məmmədov hal-hazırda nazirliyin daha müasir yanaşma və innovativ idarəetmə mövqeyində olduğunu bildirərək bu istiqamətdə müvafiq layihə və təşəbbüslərin dəstəkləndiyini qeyd edib.
Dəyirmi masa və müzakirələr zamanı həm universitet, həm də özəl sektor nümayəndələri yaradılan Platformadan gözləntiləri haqqında fikir bildiriblər.