Dövlət- özəl tərəfdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsinin növbəti benefisiarı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi oldu. Regionun aparıcı təhsil müəssisələrindən biri olan Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbində baş tutan görüşdə region məktəblərinə 800 kitab hədiyyə edildi.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, “Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov, müəllim, şagird və valideynlər iştirak etdilər.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarını Fondun hədəfləri, əsas fəaliyyət istiqamətləri, icra olunan layihələr haqqında məlumatlandırdı. O, ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsinin daha da artırılması istiqamətində görülən işlərin əhəmiyyətindən danışdı.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev mütaliənin uşaqların dünyagörüşünün formalaşmasında, nitqinin inkişafındakı əhəmiyyətini vurğuladı və bu işdə dəstək olan Təhsilin İnkişafı Fondu və “Inci Group of Companies” heyətinə minnətdarlığını bildirdi.
Görüşün davamında şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparıldı, mütaliə ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı.