Azərbaycan Gənclər Fondu və Təhsilin İnkişafı Fondunun dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə“Şuşa İli”nə həsr olunmuş “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumu yekunlaşıb.
Forum 5 panel müzakirədən ibarət olmaqla xüsusi mövzuları əhatə edib. Forumda “Münaqişədən sonra bərpa: yenidənqurma, uzlaşma və sülh quruculuğu”, “Münaqişədən sonra statistika sahəsində vəziyyət: məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyası”, “Müharibədən sonrakı vəziyyət: Cənubi Qafqaz və digər regionlarda sülh, təhlükəsizlik və sabitlik”, “Davamlı sülh, dayanıqlı inkişaf və əməkdaşlıq”, “Münaqişə zonalarından reportajlar, sülhün bərqərar olmasında medianın rolu” mövzuları üzrə çıxışlar olub və müzakirələr aparılıb.
Forum çərçivəsində noyabrın 26-da tələbələrin Şuşaya 1 günlük səfəri baş tutub. Səfər zamanı tələbələr işğaldan azad olunmuş ərazilərimizdə işğalın ağır nəticələri, dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar.
Qeyd edək ki, forumda xüsusi komissiya tərəfindən seçilmiş “Beynəlxalq münasibətlər”, “Beynəlxalq hüquq”, “Diplomatiya” və digər əlaqəli ixtisaslar üzrə 30 fərqli ölkədən dünyanın top universitetlərində təhsil alan 40 xarici və 10 yerli tələbə iştirak edib.