Sentyabrın 7-də Azərbaycan Texniki Universitetində yerləşən universitet-sənaye işbirliyi mərkəzində “Təhsilin İnkişafı Forumu”na hazırlıq məqsədilə görüş keçirilib.
Görüşdə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Türkiyənin TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş, SABAH.hub-ın Baş icraçı direktoru Rəhim Bayramlı, Azərbaycan Dövlət İqtisad Universitetinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, eləcə də ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Açılış sözü ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq tədbirin universitet-sənaye işbirliyini dəstəkləyən təhsil və iqtisadiyyatın inteqrasiyası mövzusuna həsr olunmuş “Təhsilin İnkişafı Forumu”nun keçirilməsi ilə bağlı təşkilati məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.
Daha sonra çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Forumun keçirilməsi ideyasını yüksək qiymətləndirərək AzTu-da universitet-sənaye işbirliyi istiqamətində bir sıra işlərin görüldüyünü bildirib. İclasın keçirildiyi Davamlı İnkişaf Mərkəzinin də Fondla əməkdaşlıq çərçivəsində yarandığı vurğulanıb. Rektor universitet-sənayə işbirliyinin formalaşdırılması konsepsiyasının ciddi olduğunu, hal-hazırda AzTU-da həm tədrisə, həm də tədqiqata əhəmiyyət verildiyini, “Bilişim vadisi”, “Aselsan”, “Baykar” və s. şirkətlərlə ilə əməkdaşlıq edildiyini bildirib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev baş tutacaq Forumun Azərbaycan təhsili üçün xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. Universitet-sənaye işbirliyinin qurulmasında Bakı Dövlət Universitetinin ilkin addımlar atdığını vurğulayan E.Babayev BDU-nun Mükəmməllik Mərkəzinin fəaliyyəti, gələcək hədəfləri, beynəlxalq səviyyədə əməkdaşlıq perspektivləri barədə məlumat verib.
TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş sənaye sahəsində yetərincə təcrübəsi olduğunu, 2006-cı ildən bənzər modelin Türkiyədə qurulduğunu bildirib. Təşkil ediləcək Təhsilin İnkişafı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib, forumun universitet və sənaye arasında səmərəli işbirliyinin qurulmasında mayak rolu oynayacağına inandığını və birgə çalışmaqdan məmnun olduğunu bildirib.
Çıxışlardan sonra “Təhsilin İnkişafı Forumu”nda dövlət və özəl qurumlarının, eləcə də təhsil müəssisələrinin rolu ilə bağlı fikirlər səsləndirilib, həmin fikir və təkliflər ətrafında müzakirələr aparılıb.