Təhsilin İnkişafı Fondunun (TİF) həyata keçirdiyi “Study in Azerbaijan” layihəsi çərçivəsində Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün məlumat sessiyaları təşkil olunub.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən sessiyalar Gürcüstanda yaşayan azərbaycanlı məktəblilərin, tələbələrin və təhsil ictimaiyyəti nümayəndələrinin Azərbaycanın ali təhsil imkanları barədə məlumatlandırılması məqsədini daşıyıb.
13-14 iyun tarixlərində Qardabani, Marneuli və Bolnisi şəhərlərində keçirilən görüşlərdə 250-dən çox məktəbli, tələbə və müəllim iştirak edib. Sessiyalar Qardabani Təhsil və İnteqrasiya Mərkəzində, Marneulidə Azərbaycan Evində və Bolnisidə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində baş tutub.
Görüşlər zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və “Study in Azerbaijan” layihəsinin nümayəndələri tərəfindən iştirakçılara Azərbaycanda ali təhsil almaq imkanları, bakalavriat və magistratura səviyyələri üzrə qəbul qaydaları, müraciət prosedurları, tələb olunan sənədlər, ixtisas seçimi, təhsil haqları və təqaüd imkanları barədə ətraflı məlumat təqdim edilib.
Eyni zamanda iştirakçıların sualları cavablandırılıb, onlara müraciət prosesinin mərhələləri və növbəti addımlar barədə praktiki tövsiyələr verilib. Sessiyalar çərçivəsində Azərbaycan ali təhsilinin beynəlxalq tələbələr üçün təqdim etdiyi akademik və sosial imkanlar da diqqətə çatdırılıb.
Qeyd edək ki, “Study in Azerbaijan” layihəsinin əsas məqsədi Azərbaycanda ali təhsil almaq istəyən əcnəbi vətəndaşlara məlumat və dəstək göstərmək, ölkənin ali təhsil imkanlarını beynəlxalq müstəvidə tanıtmaq və xarici tələbələrin Azərbaycan universitetlərinə cəlb edilməsinə töhfə verməkdir.






