Təhsilin İnkişafı Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub

12 Mart 2026

Təhsilin İnkişafı Fondu (TİF) ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında görüş keçirilib.

Görüşdə TİF tərəfindən Fondun İdarə Heyətinin sədri Nicat Məmmədli, sədrin müavini Xanım Daşdəmirova və Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov iştirak edib.

AHİK tərəfini isə sədrin müşaviri Nigar Vahabzadə və İnformasiya texnologiyaları və rəqəmsal idarəetmə şöbəsinin müdiri Azər Sanılı təmsil edib.

Görüş zamanı tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin təhsil sahəsində innovativ yanaşmaların təşviqi, rəqəmsal həllərin tətbiqi və müxtəlif təşəbbüslərin birgə reallaşdırılması imkanları müzakirə olunub.

Sonda tərəflər əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı maraq doğuran təşəbbüslər üzrə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.