Zəfər Gününün beşinci ildönümü münasibətilə Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” mövzusuna həsr olunan tədbir keçirilib.
“#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, dövlət və hökumət rəsmiləri, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, qazilər, Fondun donor və tərəfdaşları, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
İlk olaraq, Dövlət Himni səsləndirilib, daha sonra Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin əvvəlində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə həsr olunmuş “Faciədən zəfərə” adlı videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, hər il böyük qürur və iftixar hissi ilə qeyd etdiyimiz bu tarixi gün xalqımızın milli birliyinin, əzminin və qətiyyətinin rəmzidir. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi bu Qələbə təkcə torpaqlarımızın azad olunması deyil, həm də milli ruhun, ədalətin və suverenliyin təntənəsidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Ədalət Muradov çıxış edərək, Qarabağın azad edilməsinin son 200 ildə türk dünyasının əldə etdiyi ən böyük nailiyyətlərdən biri olduğunu bildirib.
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri İlqar Bayramlı, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov, “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, Təhsilin İnkişafı Fondunun İnvestisiyalar üzrə baş mütəxəssisi Ofelya Salmanova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova, müharibə iştirakçısı Alik Yusifov və digər natiqlər Zəfər Gününün Azərbaycan xalqı üçün daşıdığı mənəvi və siyasi əhəmiyyəti xüsusi vurğulamaqla yanaşı, əldə olunan Zəfərin Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olduğunu qeyd ediblər.
Qeyd edək ki, bu əlamətdar tarix ərəfəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna 200 min manat məbləğində ianə edib.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, göstərilən bu dəyərli dəstəyə görə universitetin rektoru Ədalət Muradova “İanə Sertifikatı” təqdim edib və onun rəhbərliyi altında kollektivin Qarabağın yenidən qurulması prosesinə verdiyi töhfəni yüksək dəyərləndirib.
Onu da bildirək ki, tədbir iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi ilə də tanış olublar.








