1 iyun 2023-cü il tarixində Bakı Biznes Universitetində Təhsilin İnkişafı Fondu ilə görüş keçirilib. Görüşün məqsədi qurumlar arasında tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi olub. Görüşdə Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov, Fondun və Universitetin nümayəndələri iştirak ediblər.
Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof. İbad Abbasov qonaqları salamlayıb və Bakı Biznes Universitetində görməkdən məmnun olduğunu bildirib. Rektor universitetin 30 illik fəaliyyəti haqqında məlumat verib, universitetin strateji məqsədləri və hədəflərindən danışıb. İ.Abbasov müasir dünyada baş verən sürətli dəyişikliklərin, texnoloji proseslərin, qlobal meyllərin, çağırışların təhsilin, o cümlədən, ali təhsilin qarşısında yeni tələblər qoyduğunudan təhsilin inkişaf strategiyalarının yenidən nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov Bakı Biznes Universitetinin 30 illik yubileyi münasibətilə öz təbriklərini çatdırıb, daha sonra Fondun yaradılması, məqsədləri, missiyası barəsində ətraflı məlumat verib.
E. Nəsibov Fond tərəfindən həyata keçirilən və yaxın müddətdə planlaşdırılan layihələrdən söz açıb. Sədr Bakı Biznes Universiteti ilə potensial əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.
Yekunda Fondun nümayəndə heyəti Bakı Biznes Universiteti ilə tanış olub.