Azərbaycan Texniki Universiteti (AzTU), Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında imzalanmış müqaviləyə əsasən, 21 dekabr 2022-ci il və 31 mart 2023-cü ildə təşkil edilmiş IELTS imtahanlarında uğurlu nəticə göstərən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.
AzTU-da keçirilən tədbirdə tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli çıxış edərək tələbələrin xarici dil biliklərinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, IELTS imtahanlarında iştirak etmək müəllim və tələbələrin fərdi inkişafında, dil biliklərinin daha da inkişaf etdirilməsində müsbət rol oynayır. Bu prosesdə Təhsilin İnkişafı Fondunun dəstəyi isə mühüm əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri Nərgiz İsmayılova Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.
Çıxışlardan sonra IELTS imtahanlarında uğurlu nəticə göstərən tələbələrə müvafiq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, sertifikat alan tələbələrin imtahan ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən geri qaytarılıb.