Təhsilin İnkişafı Fondu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsini həyata keçirir.
Müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsidir.
2 mərhələdən ibarət olan müsabiqəyə 20 gün ərzində 28 ali təhsil müəssisəsindən 150 müraciət daxil olub.
Tələbələr aşağıdakı mövzular üzrə ideya və təkliflərini təqdim ediblər:
– İnklüziv təhsilin inkişafı
– Qeyri-formal təhsil metodları
– Təhsildə texnologiyanın tətbiqi
– Təhsildə idarəetmə
I mərhələdə iştirakçılar tərəfindən hazırlanan təqdimat mövzunun aktuallığı, faydalılığı, kontenti və dizaynı kimi meyarlar üzrə qiymətləndirilib.
II mərhələdə iştirak hüququnu qazanan 11 nəfər finalçının təkliflərini 4 – 5 may tarixlərində peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim etmələri nəzərdə tutulub.
4 may tarixində çıxış edən finalçılar Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Günel Pənahova, Rasim Həsənzadə və Vaqif Fətullayev, Bakı Ali Neft Məktəbinin tələbələri Kəvsər Hüseynova və Zahid Abdullayev, Qərbi Kaspi Universitetinin tələbəsi Bayram Bayramovdur.
Münsiflər heyətinin üzvləri ADA universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal, FEMact Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Zaur Kazımov, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Təhsil Proqramının rəhbəri Leyla Həsənova və Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri Nərgiz İsmayılovadır.