İctimai və sahibkarlıq sahəsində fəal xanımlar Təhsilin İnkişafı Fondunun qonağı olublar.
Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq Fondun fəaliyyəti, hazırda icra olunan, eyni zamanda yaxın gələcəkdə həyata keçiriləcək layihələr haqqında ətraflı məlumat verib.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Günay Məsimova, Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Ofelya Salmanova, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli iştirak ediblər.
Görüşün məqsədi “Qızların Təhsilinə Dəstək” layihəsi ətrafında müzakirələrin aparılması, birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi, ümumiyyətlə qızların təhsilə cəlb edilməsi, bu sahədə olan problemlərin araşdırılması və onların həllinə nail olmaq istimaqətində birgə işlərin görülməsidir.
Tədbirdə iştirak edən Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Yusif Poladov da “Qızların Təhsilinə Dəstək” mövzusu ilə bağlı fikirlərini paylaşıb.
Masaətrafı müzakirələr zamanı maraqlı fikirlər irəli sürülüb, qızların təhsili ilə bağlı regionlarda aparılan araşdırmaların nəticələri diqqətə çatdırılıb və gələcək əməkdaşlıqla bağlı təkliflər müzakirə edilib.
Yığıncağın sonunda Elnur Nəsibov qonaqları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, bu görüşlərin ənənəvi olmasını istədiyini bildirdi.