Martın 2-də Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qızların təhsilinə dəstək” mövzusunda konfrans keçirilib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov açılış nitqi ilə çıxış edərək, qonaqları salamlayıb. O, Fondun fəaliyyət istiqamətləri haqqında məlumatları diqqətə çatdıraraq bildirib ki, qurumun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirmək, təhsilin və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə verməkdir. Fondun fəaliyyəti dövründə önəm verdiyi məsələlərdən birinin gənc qızların təhsilinə dəstək olduğunu qeyd edən E. Nəsibov bildirib ki, “Qızların təhsilinə dəstək” layihəsi əvvəlcə kiçik bir layihə kimi başlayaraq tədricən genişlənmişdir. Qızların təhsilinə yönəlik layihələrin həyata keçirilməsi həm sosial, həm səhiyyə, həm də təhsil sahəsində bir sıra müsbət dəyişikliklərə səbəb olur.
Layihənin reallaşmasında iştirak edən qurumlara və özəl təşkilatlara təşəkkürünü bildirən E. Nəsibov hamını – dövlət qurumlarını, ictimai təşkilatları, özəl sektorun nümayəndələrini, ümumilikdə vətəndaş cəmiyyətini bu nəcib təşəbbüsə dəstək verməyə çağırıb.
Tədbir “Təhsil TV”nin təqdimatında “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinə dair video-çarxın nümayişi ilə davam edib.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qadınların ölkənin iqtisadi baxımdan inkişafına göstərdiyi təsirlərdən bəhs edərək, onların təhsil və elmdə təmsilçiliyinin vacibliyini vurğulayıb. Qızların təhsilinin Azərbaycandakı vəziyyətinə diqqət çəkən E.Əmrullayev ali təhsili qazana bilmək üçün kiçik yaşlardan müəyyən bilik bazasının formalaşdırılmasının önəmini qeyd edib. O, son aparılan araşdırmalara əsasən, ibtidai təhsil dövründə qızların oğlan həmyaşıdlarından daha yüksək nəticə göstərdiyini, irəliləyən illərdə isə əksinə, oğlanların qızları üstələdiyini qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qızların təhsilinə dəstək” layihəsinə diqqət çəkərək, zamanında təsadüfdən yaranan bir ideyanın qısa müddət ərzində reallığa çevrilməsinin sevindirici olduğunu qeyd edib. Müsəlman Şərqində ilk dünyəvi məktəbin-Qızlar məktəbinin fəaliyyətə başlamasının 100 illiyinə təsadüf edən layihənin başladığı dövrdə Dövlət Komitəsinin regionlarda fəaliyyət göstərən mərkəzləri vasitəsilə aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 11 qıza dəstək göstərildiyini vurğulayan Komitə sədri, təşkilatçılara ötən ildən başlayaraq qaldırılan bu təşəbbüsə dəstək verdiklərinə görə təşəkkürünü bildirib.
Təhsilin İnkişafı Fondunun şöbə müdiri Nərgiz İsmayılova “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının təsis olunması haqqında məlumat verib. O, təqaüdün adına həsr olunduğu Hənifə Məlikovanın Azərbaycanın ilk maarifçi qadınlarından biri və Bakıda ilk qızlar məktəbinin yaradıcısı kimi Azərbaycan qadınlarının inkişafına vacib töhfələr verdiyini diqqətə çatdırıb. N. İsmayılova təqaüd proqramını qazanmaq üçün müraciət forması və namizədlərə dair tələbləri qeyd edib.
Bildirilib ki, təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.
Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini Tahir Budaqov bildirib ki, Azərbaycanda təhsilin inkişafı bu gün yüzilliyini qeyd etdiyimiz Heydər Əliyevin adı ilə əlaqədardır. Ulu Öndərin təşəbbüsü ilə bu istiqamətdə təqaüd proqramının ərsəyə gətirilməsi və Azərbaycan gənclərinin ən qabaqcıl təhsil müəssisələrinə göndərilməsi ölkəmizin sonrakı inkişafında müstəsnə rol oynayan addımlardan olmuşdur. Bu gün də cənab İlham Əliyevin rəhbərliyi ilə azərbaycanlı gənclər dünyanın ən öndə olan ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alır və Azərbaycanın inkişafı üçün öz töhfələrini verirlər. T. Budaqov qeyd edib ki, təhsilinin inkişafı, eləcə də gender bərabərliyinin təmin olunması YAP-ın proqramında da prioritet bir məsələ kimi qoyulub və bundan sonra da YAP-ın üzvü olan sahibkarların da bu prosesə daha aktiv cəlb olunması istiqamətində addımlar atılacaq.
Konfransın yekununda Təhsilin İnkişafı Fonduna ianə edən tərəfdaş qurumlara ianə sertifikatları təqdim edilib.